“Mixail Agami Ailə Stomatologiyası” klinikasının mütəxəssisi Yevgeni Prokopenko bildirib ki, süd məhsulları diş sağlamlığı üçün ən vacib qidalardan biridir.
Foodinfo.az xəbər verir ki, diş həkiminin sözlərinə görə, bu məhsullar kalsium və fosforla zəngindir və diş minasının bərpasında mühüm rol oynayır.
Prokopenko qeyd edib ki, bu iki mineral diş minasının təbii şəkildə möhkəmlənməsinə və mikro zədələrdən sonra bərpasına kömək edir. “Minanın strukturu nə qədər möhkəm olarsa, kariyes və diş həssaslığının yaranma ehtimalı bir o qədər az olur,” – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, süd, pendir, qatıq və kəsmik kimi məhsullar gündəlik rasionda mütləq yer almalıdır. Bu məhsullar təkcə dişləri deyil, həm də sümükləri möhkəmləndirir və bədəndə mineralların balansını qoruyur.
Mütəxəssis əlavə edib ki, diş minasını qorumaq üçün yalnız süd məhsulları deyil, eyni zamanda balıq, yumurta, paxlalılar, yaşıl tərəvəzlər və qoz-fındıq da faydalıdır.
Prokopenko diş sağlamlığının yalnız düzgün qidalanmadan deyil, həm də gündəlik gigiyenadan asılı olduğunu vurğulayıb. O, dişlərin gündə iki dəfə fırçalanması və ağız yaxalayıcı məhlullardan istifadə edilməsini tövsiyə edib.
Mütəxəssis sonda bildirib ki, balanslı qidalanma və düzgün qulluq sayəsində dişlər uzun müddət sağlam və parlaq qala bilər.






