Azərbaycanın tanınmış jurnalistlərindən olan İlkin Bağırov (İlkin İzzət) ölkənin ən böyük mağazalar şəbəkəsində yüksək vəzifəyə təyinat alıb. Foodinfo.az-ın əldə etdiyi məlumata görə, o, “OBA” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məsələni dəqiqləşdirmək üçün İ.Bağırovla əlaqə saxladıq. O, faktı təsdiq edib: “Bəli, doğrudur. Artıq 10 gündür ki, “OBA” Marketlər Şəbəkəsində yeni işə başlamışam. Çalışacam ki, bu işin də öhdəsindən ləyaqətlə gələm, vəzifəmi vicdanla, ləyaqətlə və peşəkar tələblərə uyğun həyata keçirərək, təmsil etdiyim qurumun daha böyük uğurlar əldə etməsinə əlimdən gələn töhfəni verəm”. Qeyd edək ki, İlkin İzzət 1998-ci ildən bəri televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi və portalları da daxil olmaqla müxtəlif kütləvi informasiya vasitələrində fərqli vəzifələrdə, həmçinin böyük şirkətlərdə ictimai kommunikasiyalar departamentinin rəhbəri və Milli Məclisdə məsləhətçi kimi çalışıb. “OBA”dakı təyinatına qədər isə rəsmi olaraq son iş yeri İctimai Televiziya və Radio Yayımları Şirkəti olan İ.Bağırov İTV-də şərhçi və redaktor vəzifələrini icra edib. Xatırladaq ki, “OBA” Marketlər Şəbəkəsi “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir.