Qəhvə dünyanın ən populyar içkilərindən biri olsa da, ona əlavə edilən müxtəlif siroplar içkinin faydalı xüsusiyyətlərini azalda və sağlamlıq üçün əlavə risklər yarada bilər. Mütəxəssislər qəhvənin mümkün qədər təmiz şəkildə istehlak edilməsini tövsiyə edirlər.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq Anton Polyakov qəhvəyə əlavə olunan siropların bəzən içkinin aşağı keyfiyyətini gizlətmək üçün istifadə edildiyini bildirib. Onun sözlərinə görə, bu üsul daha çox ucuz qəhvə növlərinin təqdimatında tətbiq olunur. Mütəxəssis qeyd edib ki, keyfiyyətli qəhvənin özünəməxsus dad və aromatı olduğundan əlavə dadlandırıcılara ehtiyac qalmır.
Dietoloqun sözlərinə görə, siropların əsas təhlükəsi onların yüksək şəkər tərkibi ilə bağlıdır. Belə əlavələr orqanizm tərəfindən sürətlə mənimsənilir və qanda şəkərin qəfil yüksəlməsinə səbəb olur. Bu isə xüsusilə artıq çəkidən əziyyət çəkən, piylənməsi olan və şəkərli diabet diaqnozu qoyulan insanlar üçün ciddi risk yarada bilər.
Polyakov bildirib ki, şəkərli siropların müntəzəm istifadəsi iştahanın tənzimlənməsi mexanizmlərinə də mənfi təsir göstərə bilər. Nəticədə insan daha tez aclıq hiss edir və normadan artıq qida qəbul etməyə meyillənir. Bu isə zamanla çəki artımına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, bəzi siropların tərkibində olan süni rəngləndiricilər və digər kimyəvi əlavələr allergik reaksiyalara da yol aça bilər. Xüsusilə həssas orqanizmə malik insanlarda bu cür məhsullar dəri səpgiləri, qaşınma və digər xoşagəlməz əlamətlərlə müşayiət oluna bilər.
Dietoloqlar hesab edirlər ki, qəhvədən maksimum fayda əldə etmək üçün onu şəkərsiz və əlavə siropsuz içmək daha məqsədəuyğundur. Bu yanaşma həm qəhvənin təbii dadını hiss etməyə, həm də artıq şəkər qəbulunun qarşısını almağa kömək edir.






