Yay mövsümündə giləmeyvələrin bolluğu valideynləri bu məhsulları uşaqların rasionuna daxil etməyə həvəsləndirir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yeni giləmeyvələrin uşaqlara təqdim olunması zamanı ehtiyatlı olmaq vacibdir.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq Yelena Solomatina uşaqların qidalanmasına giləmeyvə əlavə edilərkən ilk növbədə açıq rəngli növlərə üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, açıq rəngli meyvə və giləmeyvələr allergik reaksiyalara daha az səbəb olur.
Mütəxəssis bildirib ki, yeni məhsullar uşağa ilk dəfə verilərkən çox kiçik miqdardan başlamaq lazımdır. O, ilk mərhələdə yarım çay qaşığı qədər məhsulun günün birinci yarısında verilməsini məsləhət görüb. Bu, valideynlərə gün ərzində uşağın orqanizminin reaksiyasını müşahidə etmək imkanı yaradır. Solomatina xüsusilə vurğulayıb ki, yeni giləmeyvələri gecə saatlarında və ya yatmazdan əvvəl uşağa vermək düzgün deyil.
Dietoloqun sözlərinə görə, ağ qarağat, banan və alma kimi məhsullar təxminən 8-9 aylıq dövrdə, bəzi hallarda isə 7 aylıqdan etibarən əlavə qida kimi təqdim oluna bilər. Bununla yanaşı, çiyələk, moruq və parlaq rəngli gilas kimi qırmızı giləmeyvələrin istifadəsini bir yaşa qədər təxirə salmaq tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, allergiyaya meyilli uşaqlarda bu məhsulların rasiona daxil edilməsi daha gec – təxminən 1,5 yaşdan sonra həyata keçirilməlidir. O qeyd edib ki, giləmeyvələrin daha böyük porsiyalarla verilməsi üçün ən uyğun dövr də 1,5 yaşdan sonrakı mərhələ hesab olunur. Bu yaşdan sonra uşaqlara təxminən 150 qramlıq porsiyalar təklif etmək mümkündür.
Həkimlər bildirirlər ki, uşaqların qidalanmasına yeni məhsullar daxil edilərkən tələsməmək, məhsulları bir-bir təqdim etmək və orqanizmin reaksiyasını izləmək sağlam inkişaf üçün vacib şərtlərdən biridir. Bu yanaşma allergik riskləri azaltmağa və düzgün qidalanma vərdişlərinin formalaşmasına kömək edir.






