Yatmazdan əvvəl pendir yeməyin qəribə və ya canlı yuxulara səbəb olması ilə bağlı fikirlər uzun illərdir müxtəlif ölkələrdə müzakirə olunur. Alimlər bu iddianın nə dərəcədə doğru olduğunu araşdırıblar.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırmada müxtəlif növ pendirlərin yuxu keyfiyyətinə təsiri öyrənilib. Tədqiqat zamanı iştirakçıların bir hissəsi yatmazdan əvvəl az miqdarda pendir qəbul edib, digər qrup isə adi qidalanma rejimini davam etdirib.
Nəticələr göstərib ki, pendir qəbul edən şəxslərdə ciddi yuxu pozuntuları müşahidə olunmayıb. Bununla belə, bəzi iştirakçılar daha canlı və detallı yuxular gördüklərini bildiriblər. Alimlər hesab edirlər ki, bunun səbəbi pendirin tərkibində olan bəzi amin turşuları ilə əlaqəli ola bilər.
Qidalanma üzrə mütəxəssis Endryu Kross bildirib ki, pendirin tərkibində olan triptofan maddəsi yuxu prosesində rol oynayan hormonların yaranmasına kömək edir. Onun sözlərinə görə, bu təsir fərddən-fərdə dəyişə bilər.
Araşdırma müəllifləri qeyd edirlər ki, yatmazdan əvvəl həddindən artıq qida qəbulu həzm sistemini yükləyə və yuxunun keyfiyyətini azalda bilər. Buna görə də axşam saatlarında porsiyaların ölçüsünə diqqət yetirmək vacibdir.
Mütəxəssislər hesab edirlər ki, pendirin yuxulara təsiri barədə qəti nəticəyə gəlmək üçün daha geniş araşdırmalara ehtiyac var.






