Səssiz iltihab (xroniki aşağı dərəcəli iltihab) uzun müddət özünü açıq simptomlarla göstərməsə də, orqanizmdə ciddi sağlamlıq problemlərinin yaranmasına zəmin yarada bilər. Mütəxəssislər bildirirlər ki, gündəlik qidalanma vərdişləri bu prosesin güclənməsində və ya zəifləməsində mühüm rol oynayır.

Foodinfo.az “Journal of Inflammation Research” məlumatlarına istinadla xəbər verir ki, yüksək miqdarda şəkər və emal olunmuş qidaların müntəzəm qəbulu orqanizmdə iltihabi reaksiyaları artıra bilər. Bu cür qidalanma hüceyrə səviyyəsində stressi gücləndirərək immun sisteminin balansını poza bilir.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, ən riskli vərdişlərdən biri tez-tez fast-food və hazır məhsulların qəbuludur. Bu məhsulların tərkibində olan trans yağlar və əlavə qatqılar iltihab markerlərinin yüksəlməsi ilə əlaqələndirilir.

ABŞ-ın qidalanma üzrə tədqiqatçısı Dr. Frank Hu qeyd edir ki, zərərli yağlar və şəkərlə zəngin qidalanma təkcə çəki artımına deyil, həm də ürək-damar xəstəliklərinin yaranma riskinə təsir göstərir. Onun sözlərinə görə, bu proses uzun müddət davam etdikdə orqanizmdə “səssiz iltihab” formalaşa bilər.

Araşdırmalar göstərir ki, işlənmiş ət məhsulları, şirin içkilər və rafinə edilmiş karbohidratlar bu prosesin əsas tətikləyiciləri sırasındadır. Bu qidaların müntəzəm istifadəsi bağırsaq mikrobiomunun balansını da poza bilər.

Böyük Britaniyalı dietoloq Dr. Sarah Berry bildirir ki, iltihabı azaltmaq üçün Aralıq dənizi tipli qidalanma ən effektiv yanaşmalardan biri hesab olunur. Onun sözlərinə görə, tərəvəz, meyvə, zeytun yağı, balıq və tam taxıllar orqanizmdə iltihabi prosesləri azaldan qidalar sırasındadır.

Mütəxəssislər vurğulayırlar ki, tək bir qidanın qəbulu deyil, ümumi qidalanma modeli səssiz iltihabın səviyyəsini müəyyən edir. Balanssız və emal olunmuş qidalara əsaslanan rasion isə risk faktorlarını artırır.

Alimlərin qənaətinə görə, gündəlik qidalanmada edilən kiçik dəyişikliklər belə uzunmüddətli sağlamlıq üçün böyük fərq yarada bilər.