Yay aylarında isti çay içməyin insanı sərinləşdirdiyi barədə fikirlər uzun illərdir müzakirə olunur. Son araşdırmalar bu mövzuya müəyyən aydınlıq gətirib.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, Kanadada aparılan elmi tədqiqat nəticəsində isti içkilərin bədənin tərləmə mexanizmini aktivləşdirdiyi müəyyən olunub. Bu zaman orqanizm daha çox istilik xaric edir və nəticədə sərinlik hissi yarana bilir.
Alimlər bildirirlər ki, bu təsir əsasən quru və hava dövranı olan mühitlərdə daha aydın hiss olunur. Rütubətin yüksək olduğu yerlərdə isə əlavə tərləmə bədənin soyumasına kifayət qədər kömək etmir.
Qidalanma üzrə mütəxəssis Mark Peterson qeyd edir ki, isti çay birbaşa bədən temperaturunu aşağı salmır. Bununla belə, tərləmənin artması nəticəsində istiliyin bədəndən xaric olunmasına şərait yaradır.
Mütəxəssislər yay aylarında kifayət qədər su qəbulunun vacibliyini də vurğulayırlar. Çay içmək faydalı olsa da, maye ehtiyacının əsas hissəsi təmiz su ilə qarşılanmalıdır.
Araşdırma müəllifləri hesab edirlər ki, isti havada çay içmək müəyyən hallarda sərinlik hissi yaratsa da, bu təsirin gücü ətraf mühit şəraitindən asılıdır.






