Bir çox insan gün ərzində hiss etdiyi aclığın əslində susuzluqdan qaynaqlandığını fərq etmir. Mütəxəssislər bildirirlər ki, orqanizmin bu iki siqnalı bəzən bir-birinə çox bənzəyir.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da aparılan araşdırmalar insanların əhəmiyyətli hissəsinin susuzluğu aclıq kimi qəbul etdiyini göstərib. Bu isə lazımsız kalori qəbuluna və çəki artımına səbəb ola bilər.

Dietoloqların sözlərinə görə, qəfil yaranan və konkret qida istəyi ilə müşayiət olunmayan aclıq hissi çox zaman maye çatışmazlığı ilə əlaqədar olur. Belə hallarda əvvəlcə bir stəkan su içmək tövsiyə edilir.

Dietoloq Mişel Braun bildirib ki, su qəbulundan 15-20 dəqiqə sonra aclıq hissi azalırsa, problem böyük ehtimalla susuzluqla bağlı olub. Əgər hiss davam edirsə, orqanizmin qidaya ehtiyacı ola bilər.

Araşdırma müəllifləri qeyd edirlər ki, yay aylarında və fiziki aktivlik zamanı maye itkisi artır. Bu səbəbdən insanların su qəbuluna daha çox diqqət yetirməsi vacibdir.

Mütəxəssislər sağlam həyat tərzi üçün gün ərzində kifayət qədər su içməyi və aclıq hissinin səbəbini düzgün müəyyənləşdirməyi tövsiyə edirlər.