Gecə saatlarında tez-tez yemək yemək təkcə pis vərdiş deyil, müəyyən psixoloji və fizioloji problemlərin göstəricisi ola bilər. Mütəxəssislər bildirirlər ki, bu hal yuxu keyfiyyətinə, əhval-ruhiyyəyə və ümumi sağlamlığa mənfi təsir göstərir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin klinik psixologiya və psixoterapiya kafedrasının müəllimi Alyona Şarapova gecə saatlarında nəzarətsiz qida qəbulunun psixologiyada “gecə yeməyi sindromu” adlandırıldığını bildirib. Onun sözlərinə görə, bu sindrom zamanı insan gündəlik qida normasının ən azı 25 faizini axşam yeməyindən sonra qəbul edir və ya həftədə ən azı iki dəfə gecə yuxudan oyanaraq yemək yeyir.

Mütəxəssis qeyd edib ki, bu problemlə üzləşən insanların əksəriyyətində səhərlər iştaha zəif olur, yuxu pozğunluqları müşahidə edilir və gün ərzində əhval-ruhiyyə aşağı düşür. Şarapovanın sözlərinə görə, gecə saatlarında qidaya güclü meylin yaranması orqanizmin bioloji saatının pozulması, xroniki stress və xoş əhvalın formalaşmasında mühüm rol oynayan serotonin hormonunun azalması ilə əlaqəli ola bilər.

Psixoloq vurğulayıb ki, problemin aradan qaldırılması üçün ilk növbədə yuxu və qidalanma rejiminin normallaşdırılması vacibdir. O bildirib ki, hər gün eyni saatlarda yatıb oyanmaq, axşam saatlarında ağır qidalardan uzaq durmaq və gün ərzində balanslı qidalanmaq gecə yemək ehtiyacını azalda bilər.

Şarapova əlavə edib ki, emosional vəziyyəti idarə etməyi öyrənmək də mühüm əhəmiyyət daşıyır. İnsanlar narahatlıq, utanc, gərginlik və ya çarəsizlik hisslərini qida ilə kompensasiya etmək əvəzinə, həmin emosiyaları tanımağı və sağlam yollarla idarə etməyi bacarmalıdırlar. Mütəxəssisin fikrincə, bu bacarıqların formalaşdırılması həm psixoloji rifahı yaxşılaşdırır, həm də gecə həddindən artıq qida qəbulunun qarşısını almağa kömək edir.