Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları açıq havada fəaliyyət göstərən iaşə obyektlərində maarifləndirici reyd keçiriblər. İaşə obyektləri yoxlanılıb, əməkdaşlarına xüsusi qarantin rejiminin qaydaları izah edilib, neqativ halların baş verməməsi üçün tapşırıqlar verilib.

Maarifləndirici reyd zamanı açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin sahiblərinə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün müştərilərin qəbulu qaydaları izah edilib. Qaydalara əsasən obyektdə masalararası məsafə 2 metr, müştərilərarası məsafə isə  1 metrdən az olmayaraq saxlanılmalıdır. Həmçinin mütəmadi olaraq iaşə obyektlərində dezinfeksiya işləri aparılmalıdır. Müştərilər tibbi maska ilə qəbul olunmalıdır. Əgər müştəridə tibbi maska yoxdursa, obyekt sahibləri tərəfindən sözügedən vasitə ilə təmin olunmalıdır. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları analoji maarifləndirici reydlərini davam etdirəcəklər.