Mütəxəssislər bildirir ki, eliminasiya pəhrizi son illərdə allergiya və qida dözümsüzlüklərinin səbəbini tapmaq üçün ən çox istifadə olunan üsullardan biridir. 

Foodinfo.az xəbər verir ki, bu pəhriz zamanı bəzi şübhəli qidalar müvəqqəti olaraq menyudan çıxarılır və müəyyən müddət sonra tədricən yenidən əlavə olunur.

Araşdırmalara görə, süd məhsulları, qlüten, yumurta, soya, qoz-fındıq, dəniz məhsulları və kofein ən çox allergik reaksiyaya səbəb olan qida qrupları sayılır. Onların çıxarılması ilə insan orqanizmində şişkinlik, qarın ağrısı, dəri səpgiləri və baş ağrısı kimi simptomların səbəbi daha aydın müəyyən edilir.

Eliminasiya pəhrizi əsasən üç mərhələdən ibarətdir:

1. Şübhəli qidaların çıxarılması – təxminən 2-6 həftə davam edir.

2. Müşahidə – orqanizmdə baş verən dəyişikliklər izlənilir.

3. Yenidən əlavə etmə – qidalar tək-tək rasiona qaytarılır və reaksiyalar təhlil olunur.

Ekspertlərin fikrincə, bu pəhriz həzm problemlərinin, allergik reaksiyaların və dəri xəstəliklərinin səbəbini müəyyənləşdirməkdə faydalıdır. 

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, eliminasiya pəhrizi uzun müddət davam etdirilməməli və yalnız həkim və ya dietoloq nəzarəti altında aparılmalıdır. Əks halda, orqanizm vacib qida maddələrindən məhrum qala bilər.