Son illərdə bitki əsaslı pəhriz dünyada getdikcə daha çox insanın seçimində önə çıxır. Foodinfo.az xəbər verir ki, bu pəhrizdə tərəvəz, meyvə, paxlalılar və tam taxıllar üstünlük təşkil edir, heyvan mənşəli məhsullar isə minimuma endirilir.

Kanadalı dietoloq Brenda Davis “CNN Health”ə açıqlamasında bildirib ki, bitki əsaslı pəhriz ürək xəstəlikləri, 2-ci tip diabet və piylənmə riskini əhəmiyyətli dərəcədə azalda bilər. Onun sözlərinə görə, bitkilərdən alınan liflər bağırsaq sağlamlığını yaxşılaşdırır, qan şəkərinin tənzimlənməsinə kömək edir.

Lakin pəhrizin çatışmazlıqları da mövcuddur. ABŞ-ın Mayo Klinikasının həkimləri xəbərdarlıq edirlər ki, tamamilə heyvan məhsullarından imtina edənlərdə B12 vitamini, dəmir və omeqa-3 yağ turşuları çatışmazlığı yarana bilər. Bu maddələrin əksəriyyəti ət və balıqda daha çox olur.

Bəzi mütəxəssislər bitki əsaslı pəhrizin düzgün planlaşdırılmadığı halda əks təsir göstərə biləcəyini bildirirlər. Yalnız karbohidrat ağırlıqlı, zülal baxımından kasad menyu əzələ zəifliyinə və ümumi halsızlığa səbəb ola bilər.

Diyetoloqlar tövsiyə edirlər ki, bitki əsaslı qidalanmaya keçən şəxslər müxtəlifliyi qorusun, lazım gəldikdə isə vitamin və mineral əlavələrindən istifadə etsinlər.