
Balıq yağı kapsulları dünyanın ən çox satılan qida əlavələrindən biridir və əksər insanlar onları ürək sağlamlığı üçün faydalı hesab edirlər. Foodinfo.az xəbər verir ki, kapsulların təsiri barədə elm adamları arasında hələ də fikir ayrılığı mövcuddur.
Amerikalı kardioloq Dr. JoAnn Manson “Harvard Health Publishing”ə açıqlamasında bildirib ki, omeqa-3 yağ turşuları ürək-damar sağlamlığı üçün vacibdir, amma kapsul şəklində qəbulun təsiri həmişə eyni olmur: “Təbii balıq yeməklə müqayisədə əlavələrin orqanizmə faydası daha zəif ola bilər”.
ABŞ-da aparılan VITAL adlı genişmiqyaslı tədqiqatda 25 mindən çox iştirakçı müşahidə edilib. Nəticələr göstərib ki, balıq yağı kapsulları bəzi insanlarda infarkt riskini azaltsa da, əksəriyyət üçün ciddi fərq yaratmayıb.
Digər tərəfdən, Britaniyalı qidalanma mütəxəssisi Dr. Sarah Brewer “Independent” qəzetinə bildirib ki, kapsullar xüsusilə balıq yeməyən insanlar üçün faydalı ola bilər: “Vegetarian və ya balıq yeməyi sevməyən şəxslər bu yolla omeqa-3 tələbatını qarşılaya bilərlər”.
Mütəxəssislər tövsiyə edirlər ki, insanlar ilk növbədə həftədə iki dəfə balıq yeməyə çalışsınlar. Kapsullar yalnız qidalanmada çatışmazlıq olduqda, həkim məsləhəti ilə qəbul edilməlidir.