Qida Təhlükəsizliyi Agentliyi payız mövsümü ilə əlaqədar bitkiçilik məhsullarının ixracına hazırlıq məqsədilə bitkiçilik məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev və “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Nemət Seyfullayev də iştirak edib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov ölkədə bitkiçilik məhsullarının ixrac potensialının artırılması istiqamətində AQTA tərəfindən həyata keçirilən dəstək tədbirlərindən söz açıb, ixrac prosesində istehsalçı və ixracatçıların qarşılaşa biləcəyi məsələlərdən danışıb, mövcud tələblər və idxalçı ölkələrin standartlarına uyğunluğun təmin edilməsi ilə əlaqədar geniş məlumat verib.

Görüşdə idxalçı ölkələrin bitkiçilik məhsullarına dair fitosanitar tələblərinə, həmçinin məhsulların etiketlənməsi və qablaşdırmasına dair tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Taxta materiallarına dair beynəlxalq tələblər, pestisid qalıqlarının yol verilən miqdarı, istehsalatda sağlam əkin materiallarından istifadə olunması kimi məsələlər də sahibkarların diqqətinə çatdırılıb. 

Sonda sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.