İtalyan alimlərinin araşdırmasına görə, ürəyimizi qoruyan vərdişlər xərçəng diaqnozu qoyulduqdan sonra da həyati əhəmiyyət kəsb edir. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu nəticələr UMBERTO layihəsi çərçivəsində aparılan uzunmüddətli tədqiqatdan əldə olunub.
Tədqiqat 15 il ərzində 779 yetkin İtalyan üzərində aparılıb. Hər bir iştirakçının həyat keyfiyyəti Life’s Simple 7 indeksi ilə qiymətləndirilib. Bu indeks fiziki aktivlik, qidalanma, siqaret çəkməmə, bədən kütlə indeksi, arterial təzyiq, xolesterol və qan şəkəri səviyyəsini nəzərə alır.
Nəticələr göstərib ki, xərçəng diaqnozu qoyulsa belə, sağlam həyat tərzini qoruyan şəxslərdə ölüm riski 40% aşağı olub. Hər əlavə bir bal Life’s Simple 7 indeksində xərçəngdən ölüm riskini təxminən 10% azaldır.
Araşdırma göstərib ki, xüsusilə sağlam qidalanma komponenti Aralıq dənizi pəhrizi ilə əvəzlənəndə effekt daha da artır. Tərəvəzlər, meyvələr, tam dənli məhsullar, paxlalılar, balıq və zeytun yağı ilə zəngin pəhriz həm xərçəng, həm də ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır.
Alimlər qeyd edirlər ki, bu faydalı təsir bir sıra ümumi bioloji mexanizmlərlə izah oluna bilər: xroniki aşağı intensivli inflamasiya, ürək döyüntülərinin tezliyi və qan D vitamini səviyyəsi. Bu isə göstərir ki, müxtəlif xroniki xəstəliklərin inkişaf mexanizmləri oxşar ola bilər.
Yəni düzgün qidalanmaq, müntəzəm fiziki aktiv olmaq və bədən çəkisini nəzarətdə saxlamaq yalnız xəstəlikdən qorunmaq üçün deyil, xərçəng diaqnozu qoyulandan sonra uzunmüddətli həyat perspektivi üçün də həyati əhəmiyyət daşıyır.






