Qaraciyərdə yağ toplanması müasir dövrdə həm şəkərli diabeti olanlarda, həm də sağlam insanlarda getdikcə daha çox rast gəlinən sağlamlıq problemlərindən biri hesab olunur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, İsveçin Uppsala Universitetinin alimləri skandinaviya (nordik) qidalanma rejiminin qaraciyərdə yağ yığılmasını əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər.

Araşdırmanın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub. Tədqiqatda ikinci tip şəkərli diabeti və prediyabeti olan 150 nəfər iştirak edib və onlar üç fərqli qidalanma rejimi üzrə qruplara bölünüb. Müşahidələr zamanı ən güclü və davamlı müsbət təsir məhz skandinaviya qidalanma rejiminə əməl edən qrupda qeydə alınıb.

Bu qidalanma modeli əsasən tam taxıllar, tərəvəzlər, giləmeyvələr, balıq və raps yağı üzərində qurulub, doymuş yağların payı isə minimum səviyyədə saxlanılıb. Bir il ərzində bu rejimə əməl edən iştirakçıların qaraciyərindəki yağ miqdarı 20 faizdən çox azalıb, eyni zamanda qanda şəkərin səviyyəsində də nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.

Araşdırma zamanı könüllülərin yarıdan çoxunda alkoqolsuz yağlı qaraciyər xəstəliyinin əlamətlərinin tamamilə yoxa çıxdığı müəyyən edilib. Alimlər vurğulayır ki, əldə olunan bu nəticələri yalnız çəki itkisi ilə izah etmək doğru olmaz, çünki aparılan analizlər yaxşılaşmanın təxminən yarısının birbaşa qida rasionunun keyfiyyəti ilə əlaqəli olduğunu göstərib.

Maraqlı məqamlardan biri də odur ki, bu qidalanma rejimi ciddi kalori məhdudiyyəti tələb etməyib. Buna baxmayaraq, iştirakçılar tədricən çəki itirib və maddələr mübadiləsi göstəricilərində ümumi yaxşılaşma nümayiş etdiriblər.