Yeni il bayramları bir çox insan üçün bol süfrə və az hərəkətlə yadda qalır və bu dövrdə çəki artımı ən çox narahatlıq doğuran mövzulardan biridir. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının assistenti Aleksandr Vrublevski bayram günlərində neçə kiloqram kökəlməyin mümkün olduğunu sadə hesablamalarla izah edib.

Mütəxəssis orqanizmi zavoda bənzədərək bildirir ki, bayram günlərində bədən “enerji sunamisi” ilə üzləşir. Bu dövrdə mayonezli salatlar, kolbasalar, yağlı ət yeməkləri və şirniyyatlar kimi yüksək kalorili, lakin faydalı maddələrlə kasad qidalar çox qəbul olunur. Eyni zamanda fiziki aktivlik kəskin şəkildə azalır ki, bu da enerji balansının pozulmasına səbəb olur.

Ekspertin sözlərinə görə, hesablamanın əsası sadədir: təxminən 1 kiloqram yağ yığılması üçün 7700 kilokalori artıq enerji tələb olunur. Normal günlərdə orta gündəlik enerji ehtiyacı 2000–2500 kilokalori olduğu halda, bayram günlərində bu göstərici asanlıqla 4000–5000 kilokaloriyə çata bilir. Beləliklə, gündəlik artıq qəbul təxminən 1500 kilokalori təşkil edir.

Aleksandr Vrublevski qeyd edir ki, bu göstəricini 12 günlük bayram tətilinə vurduqda ümumilikdə 18 min kilokalori artıq enerji alınır. Bu rəqəmi 7700-ə böldükdə isə təxminən 2,3 kiloqram yağ yığılması ehtimalı ortaya çıxır. Bununla belə, tərəzidə görünən çəki artımı daha çox — 3–5 kiloqram ola bilər. Mütəxəssis bunu orqanizmdə maye saxlanılması və bağırsaq məzmununun artması ilə izah edir.

Ekspertə görə, kişilər bu baxımdan daha riskli qrupda yer alır. Əzələ kütləsi çox olduğu üçün maddələr mübadiləsi daha sürətli olsa da, orqanizm yüksək kalorili qidaya öyrəşdiyindən, az hərəkətli həyat tərzində də çox enerji tələb etməyə davam edir. Bu isə qısa müddətdə kalori artıqlığına və çəkinin sürətlə yüksəlməsinə gətirib çıxarır.

Mütəxəssis bayram günlərində porsiyalara diqqət yetirməyi, mümkün qədər hərəkətdə qalmağı və su qəbulunu artırmağı tövsiyə edir. Onun fikrincə, bu sadə addımlar yeni ilin ilk günlərini artıq çəkisiz qarşılamağa kömək edə bilər.