Qəhvənin səhər saatlarında tez-tez seçilən içki olmasına baxmayaraq, onu ac qarına içmək bir sıra narahatlıqlara səbəb ola bilər. Foodinfo.az bildirir ki, terapevt Anastasiya Lozikova qəhvəni yemək olmadan qəbul etməməyi tövsiyə edib.

Mütəxəssis deyib ki, qəhvəyə süd əlavə etmək içkinin turşuluğunu azaldır və mədə selikli qişası üçün daha yumşaq təsir yaradır. Bununla belə, Lozikova xəbərdarlıq edib ki, laktoza dözümsüzlüyü, qıcıqlanmış bağırsaq sindromu və ya laktaza çatışmazlığı olan insanlarda süd əlavələri köp, ağrı və diskomfort yarada bilər.

Həkimin sözlərinə görə, qəhvənin normadan artıq qəbulu qastritin kəskinləşməsinə, mədə turşuluğunun artmasına və bəzən narahatlıq hissinin güclənməsinə gətirib çıxara bilər.

Digər tərəfdən, diyetoloq Anton Polyakov qəhvənin gün ərzində ən uyğun qəbul vaxtının səhər olduğunu bildirib. O qeyd edib ki, ideal halda bir fincan qəhvə kifayətdir, lakin orqanizmdə kofeinin yaxşı metabolizə olunması şərtilə gündə maksimum iki fincan içmək olar.

Polyakov bildirib ki, kofein metabolizmasının sürətini öyrənmək üçün müxtəlif genetik testlərdən istifadə etmək mümkündür. Mütəxəssislər ümumi olaraq qəhvənin ölçülü və düzgün şəkildə istehlak edilməsini, xüsusilə ac qarına içilməməsini tövsiyə edirlər.