Bəzi qida birləşmələri faydanı azalda, hətta narahatlığa səbəb ola bilər. Foodinfo.az aif.ru-ya istinadən xəbər verir ki, endokrinoloq-dietoloq Mariya Brijan təhlükəli hesab edilən qida kombinasiyalarını sadalayıb. Mütəxəssisin sözlərinə görə, qırmızı ət ilə bərk çay və ya qəhvə birlikdə qəbul edildikdə, içəcəklərdəki tanninlər dəmirlə birləşərək onun mənimsənilməsini çətinləşdirir.

Xüsusən qanazlığına meyilli olanlar bu içkiləri yeməkdən 1–1,5 saat sonra içsə daha yaxşıdır. O bildirir ki, dəmir tərkibli məhsullar ilə kalsiuma zəngin süd, pendir kimi qidaların birgə qəbulu da dəmirin sorulmasını azaldır. Şpinat və turşəng kimi göyərti süd məhsulları ilə yeyildikdə oksalatlar kalsiumla birləşərək hər iki maddənin mənimsənilməsinə mane olur, daş əmələ gəlməsinə riski artırır.

Dietoloqun sözlərinə görə, bəzi qidalar birlikdə yeyildikdə mədə-bağırsaqda narahatlıq yarada bilər. Məsələn, kartof ilə paxlalılar çox nişasta və lif kombinasiyası səbəbilə şişkinlik və ağırlıq verə bilər. Meyvənin dərhal əsas yeməkdən sonra yeyilməsi də köp və qıcqırma ilə nəticələnir – onları ya yeməkdən 30–40 dəqiqə əvvəl, ya da 1,5–2 saat sonra qəbul etmək məsləhətdir. Həkim xəbərdarlıq edir ki, sadə şəkərlə yağların tandemi – məsələn, fastrfod + qazlı içki və ya ağ çörək + cem – qan şəkərinin kəskin qalxmasına səbəb olur, mədəaltı vəzini yükləyir və insulinə həssaslıq problemi olanlar üçün xüsusilə təhlükəlidir.