
Qidalanmada yağların tərkibi görmə qabiliyyətinə birbaşa təsir göstərə bilər. Foodinfo.az Sports.kz-ə istinadən yazır ki, Çin Universitetinin (Honq-Konq) alimləri apardıqları geniş araşdırmada omega-3 yağ turşularının yaxın görmə (miyopiya) riskini azaltdığını müəyyən ediblər.
Tədqiqatda altı ilə səkkiz yaş arasında olan minlərlə uşaq iştirak edib. Onların qidalanma vərdişləri xüsusi sorğu əsasında qiymətləndirilib və nəticələr görmə parametrləri ilə müqayisə olunub.
Məlum olub ki, omega-3 ilə zəngin balıq və balıq yağı yeyən uşaqlarda göz almasının uzunluğu daha qısa olub və işığın tor qişada fokuslanması daha yaxşı nəticə verib. Bu isə miyopiyanın inkişaf riskini azaldıb.
Əksinə, doymuş yağlarla (kərə yağı, palma yağı, qırmızı ət) zəngin qidalanan uşaqlarda görmə göstəriciləri daha zəif olub. Digər məhsulların isə miyopiya ilə birbaşa əlaqəsi təsdiqlənməyib.
Mütəxəssislər hesab edirlər ki, omega-3 yağ turşuları gözün damar qişasında qan dövranını yaxşılaşdırır və oksigen çatışmazlığını azaldır. Bu proses miyopiyanın yaranma riskini minimuma endirə bilər.
Araşdırmanın müəllifləri qeyd ediblər ki, nəticələr müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini tam təsdiqləmir. Lakin onların fikrincə, omega-3 yağ turşularının qəbulu uşaqların görmə sağlamlığının qorunmasında mühüm amil ola bilər.