
Soyuducu effektli göz maskaları qısa müddətli rahatlıq versə də, onların yanlış istifadəsi həm dəri, həm də görmə sağlamlığı üçün təhlükə yarada bilər. Foodinfo.az xəbər verir ki, bu barədə dermatoloq və terapevt Kristina Radina “Life.ru”ya açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, maskaların yaratdığı əsas kosmetik təsir damarların spazmı və ödemin azalması ilə bağlıdır. Lakin bu, müvəqqəti nəticədir və uzunmüddətli istifadədə fəsad riski artır. Ən böyük təhlükə isə həddindən artıq soyuma nəticəsində dərinin donması, həssas göz qapaqlarında sinir uclarının zədələnməsi ola bilər.
Radina əlavə edib ki, xüsusilə həssas dərisi və damar problemləri olan şəxslər bu cür vasitələrdən istifadə edərkən daha diqqətli olmalıdır. Kəskin temperatur dəyişikliyi kapilyarların zəifləməsinə səbəb ola, rozasea və ya kuperoz xəstələrində damarların partlaması riskini artıra bilər. Uzunmüddətli təsir isə dəriyə qoruyucu lipid qatının zədələnməsi, quruluq və qabıqlanma ilə nəticələnir.
Dermatoloq həmçinin göz sağlamlığı ilə bağlı gizli risklərə diqqət çəkib. Onun sözlərinə görə, çox sıx taxılan maskalar göz ətrafında qan dövranını poza bilər ki, bu da müvəqqəti bulanıq görməyə səbəb olur. Soyuğun tez-tez təsiri isə göz toxumalarının qidalanmasını zəiflədir, mikrodövranı azaldır və nəticədə quruluq, qıcıqlanma, hətta iltihabi proseslər yarana bilər.
Mütəxəssis risklərin minimuma endirilməsi üçün maskalardan 10–15 dəqiqədən çox istifadə etməməyi, hipoallergen tərkibinə diqqət yetirməyi və gigiyena qaydalarına riayət etməyi tövsiyə edib. Əgər insanın əvvəlcədən gözlə bağlı problemi varsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.