Zoğal tərkibindəki vitaminlər və iltihabəleyhinə xüsusiyyətləri ilə sağlamlıq üçün əhəmiyyətli məhsullardan hesab olunur. Foodinfo.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis, professor Nikolay Kirilenko bu barədə tverigrad.ru-ya açıqlama verib.

Onun sözlərinə görə, zoğaldan hazırlanan içkilər, xüsusilə mors, orqanizmə hərarətsalıcı təsir göstərir və soyuqdəymə dövrlərində faydalı ola bilər. Lakin bu içkinin şəkərsiz qəbul edilməsi daha məqsədəuyğundur. Mütəxəssis qeyd edib ki, şəkərin əlavə olunması meyvənin təbii üstünlüklərini azaldır və kalori yükünü artırır.

Kirilenko zoğalı təkcə qəbul etməyin çətin olduğunu deyərək onun şirin giləmeyvələrlə qarışdırılmasını tövsiyə edib. O bildirib ki, məsələn, çiyələk və ya qurudulmuş ərik (kürək) ilə birlikdə istifadə edildikdə, içkinin turş dadı yumşalır və daha xoş dad əldə olunur.

Bununla yanaşı, mütəxəssis xəbərdarlıq edib ki, yüksək turşuluğa görə zoğal hər kəs üçün uyğun deyil. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən, xüsusən də xroniki pankreatit problemi olan şəxslərə bu giləmeyvəni ehtiyatla qəbul etmək tövsiyə olunur.

Kirilenko vurğulayıb ki, düzgün istifadə edildikdə zoğal immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir və orqanizmin infeksiyalara qarşı mübarizə qabiliyyətini artırır. Onun fikrincə, zoğal həm təzə, həm də dondurulmuş şəkildə qida rasionuna daxil edilə bilər.

Mütəxəssis sonda bildirib ki, balanslı qidalanma prinsiplərinə əməl etməklə zoğal kimi faydalı məhsulları gündəlik rasiona əlavə etmək sağlamlığın qorunmasına əhəmiyyətli dərəcədə kömək edə bilər.