Azərbaycanda çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, lavaş, fəsəli, təndir çörəyi, xörəkli çörəyi, bəyim çörəyi, qoz çörəyi... Hər bölgəmizin özünəməxsus çörək növü və bişirilmə üsulu mövcuddur. Bu çörəklərin dadları da bir-birindən fərqlənir. Haqqında söhbət açacağımız belə çörək növlərindən biri də xamralı adlanır. Deyilənə görə, tez boyatlamadığı üçün qədim vaxtlarda uzun yola çıxan əsgərlər bu çörəyi özlərinə azuqə kimi götürürlərmiş. Belə ki, çörək bərkiyəndə ocaq daşı üzərində isidiləndə təzə isti çörək kimi olur. Foodinfo.az Azərtac-a istinadən bildirir ki, xamralı Azərbaycanın qərb bölgəsində hər bir evdə ən sevilən çörək növlərindəndir. Ölkəmizdə qədimdən bişirilən çörək növü sayılır. Bu çörəklər 10 günədək öz ətrini və keyfiyyətini olduğu kimi saxlaya bilir. Uzun illərdir sac üzərində çörək bişirən Ağstafa rayonunun Dağkəsəmən kənd sakini Xatirə Allahverdiyeva deyir ki, çörək bişirmə sənətini nənəsindən öyrənib. Qədimdən çörək bişirmə vasitələri ocaq, gil və çuğun sac, gil tava olub. İndi də çoxları bunlardan istifadə edir. Xüsusi dadı və qoxusu olan bu çörək əsrlər boyu köçərilərin mətbəxinin də əvəzedilməz azuqəsi olub. Xamralını mağazalarda da görmək olur. Qiyməti təxminən 40-50 qəpik arasındadır. Bəzi bölgələrdə xamralı "bazlama" kimi tanınır.