
Artıq çəkidən azad olmaq üçün əsas prinsip daha az yemək deyil, gündəlik kalori qəbulunu düzgün hesablamaqdır. Foodinfo.az xəbər verir ki, bu barədə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tədqiqatçısı, endokrinoloq və tibb elmləri doktoru Zuxra Pavlova danışıb.
Mütəxəssisin sözlərinə görə, arıqlamaq istəyən hər bir şəxs, xüsusilə yanaşı xəstəlikləri olanlar, əvvəlcə gündəlik kalori qəbulunu bilməli və məqsədinə uyğun hədəf rəqəmini müəyyənləşdirməlidir.
Pavlova balanslı qidalanma üçün 3:3:4 nisbətini tövsiyə edir: yəni hər bir əsas yeməkdə kalori tərkibinin təqribən otuz faizi zülal, otuz faizi yağ və qırx faizi karbohidratlardan ibarət olmalıdır.
Həkim əlavə edib ki, gündə ən azı 400 qram tərəvəz istehlakı, hər yeməkdə zülalın olması və yeməkdən sonra az miqdarda meyvə və ya giləmeyvə qəbul edilməsi orqanizmin düzgün işləməsinə kömək edir.
Belə yanaşma sərt pəhrizlər olmadan çəkinin tədricən və sağlam şəkildə azalmasını təmin edir. Pavlovanın fikrincə, bu üsul həm metabolizmi qoruyur, həm də uzunmüddətli nəticələrə gətirib çıxarır.