Terapevt və nefroloq Alina Kuxtina bəzi növ boğaz iltihablarında (angina) dondurmanın iltihabı azaltmağa və ağrını yüngülləşdirməyə kömək edə biləcəyini bildirib.

Foodinfo.az xəbər verir ki, bu barədə o, Kp.ru saytına danışıb.

Mütəxəssis qeyd edib ki, xüsusilə Koksaki və enterovirus kimi virusların səbəb olduğu angina zamanı soyuq dondurma boğazda şişkinliyi azalda və xəstənin vəziyyətini yüngülləşdirə bilər.

Kuxtinanın sözlərinə görə, həkimlər bəzən diş və ya badamcığın çıxarılmasından sonra da dondurma istifadəsini tövsiyə edirlər, çünki bu, sağalma prosesini sürətləndirə bilər. Lakin bu metoddan sui-istifadə etmək olmaz.

Ekspert xəbərdarlıq edib ki, bu cür hallarda dondurma yeməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki anginanın növü və xəstənin ümumi vəziyyəti bu üsulun uyğun olub-olmadığını müəyyənləşdirir.

O bildirib ki, hər nə qədər dondurma müvəqqəti rahatlıq versə də, düzgün diaqnoz və kompleks müalicə olmadan problem daha da ağırlaşa bilər.