
Köpüklü çay (bubble tea) 1980-ci illərdə Tayvanda yaranan və parlaq dadı, qeyri-adi teksturası ilə dünyada məşhurlaşan içkilərdən biridir. Foodinfo.az xəbər verir ki, ən məşhur versiyalardan birinə görə, bu içki Tayvanın Taichung şəhərində yerləşən Chunshuitang kafesində icad olunub. Kafe sahibi soyudulmuş qara çaya tapioka topları əlavə edərək bu fərqli içkini hazırlayıb.
Başqa versiyalara görə isə bu ideya müxtəlif baristaların ənənəvi çayı yeni teksturalarla birləşdirmək cəhdindən ortaya çıxıb. Hər iki halda köpüklü çay qısa müddətdə qastronomik dəbə çevrilərək, Tayvan mədəniyyətinin sərhədlərini aşaraq qlobal fenomen olub.
Qidalanma və həyat tərzi üzrə mütəxəssis İrina Gerasimenko bildirib ki, bubble tea-nin əsas komponentləri dəmlənmiş qara, yaşıl və ya matcha çayıdır. İçkinin daha yumşaq olması üçün ona süd və qaymaq, şirinlik üçün isə şəkər və ya şərbət əlavə edilir. Ən önəmli fərqi isə içərisindəki tapioka toplarıdır.
Tapioka, Cənubi Amerika, Afrika və Asiyada yetişdirilən manyok kökündən əldə edilən nişastadır. Çayda isə yumşalana qədər qaynadılaraq içkiyə əlavə edilən bu toplar ona çeynənən tekstura bəxş edir.
Qidalanma baxımından tapioka sadə karbohidrat mənbəyi olmaqla yanaşı, sürətli enerji verir. Tərkibində demək olar ki, yağ və zülal yoxdur, az miqdarda kalsium, kalium, dəmir və mis var. Qlüten içmədiyi üçün çölyak xəstəliyindən əziyyət çəkənlər və bu proteinə həssaslığı olan insanlar üçün də uyğundur.
Mütəxəssis qeyd edib ki, tapioka yüksək glisemik indeksə malikdir. Lakin soyuduqdan sonra nişastanın bir hissəsi bağırsaq üçün faydalı prebiyotik formaya çevrilir və mikrobiota üçün də dəstək rolunu oynayır.