
Tərəvəzlər bişirildikdə bəzi vitaminlər, xüsusilə C və B qrup vitaminləri qismən itə bilər. Foodinfo.az xəbər verir ki, bu vitaminlər suda həll olunduqları və istiliyə həssas olduqları üçün uzun müddət qaynadıldıqda suya keçir və parçalanır. Əgər bişirmə zamanı həmin su atılırsa, vitamin itkisi daha da çox olur.
Ancaq A, D, E, K kimi yağda həll olan vitaminlər istiyə daha davamlıdır. Hətta bəzi hallarda bişirmə onların orqanizm tərəfindən daha yaxşı sorulmasına kömək edir. Məsələn, yerkökü və balqabaqdakı beta-karoten bişdikdə daha asan mənimsənilir.
Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri buxarda bişirmək, qapaqlı qazanda az su ilə hazırlamaq və bişirmə müddətini qısa saxlamaq tövsiyə olunur. Tərəvəz suyunun yeməyə qatılması da faydalıdır. Salatlar və digər yeməklərdə tərəvəzlərin bir hissəsini çiy halda yemək də vitamin balansını qorumağa kömək edir.