Gizli diabet (prediabet) qan şəkərinin normaldan yüksək, amma hələ şəkərli diabet diaqnozu qoyulmayacaq səviyyədə olduğu bir vəziyyətdir. 

Foodinfo.az xəbər verir ki, bu mərhələ 2-ci tip diabetin inkişaf etmə riskini göstərir və vaxtında tədbir görülməzsə, şəkər xəstəliyinə çevrilə bilər.

Adətən əlamətlər zəif və ya hiss olunmaz olur. Bəzi insanlarda tez-tez acmaq, yorğunluq, axşamlar şirin qida istəyinin artması, konsentrasiya pozğunluğu və yuxu problemləri görünə bilər. Aclıq qan şəkərinin 100–125 mq/dl olması və ya HbA1c dəyərinin 5.7–6.4% aralığında olması gizli diabetə işarə edə bilər.

Gizli diabetin qarşısını almaq üçün düzgün qidalanma, fiziki aktivlik, artıq çəkidən uzaq durmaq və stressin idarə olunması vacibdir. Şəkərli içkilər, ağ un məhsulları və hazır qidalardan uzaq durmaq, əvəzində liflə zəngin, balanslı yeməklərə üstünlük vermək tövsiyə olunur.

Risk qrupuna daxil olanlar (ailəsində şəkər xəstəsi olanlar, artıq çəkili və hərəkətsiz həyat tərzi keçirənlər) ildə bir dəfə qan şəkərini, HbA1c və insulin müqavimətini yoxlatdırmalıdırlar. Gizli diabet həyat tərzi dəyişiklikləri ilə idarə oluna və vaxtında müdaxilə ilə tamamilə qarşısı alına bilər.