Meyvələrin dadlı və faydalı olması bəzən insanlarda onların toxum və çəyirdəklərini də yemək vərdişinə səbəb olur.

Xüsusilə şaftalı çəyirdəyinin içindəki ləpə bəzi insanlar tərəfindən sağlamlıq üçün faydalı sayılır.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, şaftalı çəyirdəyi zəhərli maddə ehtiva etdiyi üçün sağlamlıq üçün riskli ola bilər.

Foodinfo.az xəbər verir ki, şaftalı çəyirdəyinin içindəki ləpə amigdalin adlı maddə ilə zəngindir. Amigdalin bədəndə parçalandıqda hidrogen sianid əmələ gətirir. Bu isə güclü zəhərli bir birləşmədir.

Az miqdarda şaftalı çəyirdəyi bədəndə ciddi təsir yaratmaya bilər. Amma çox qəbul edildikdə aşağıdakı əlamətlər ortaya çıxa bilər:

– Ürəkbulanma və qusma

– Başgicəllənmə və halsızlıq

– Qarında ağrı və sancılar

– Nəfəs darlığı

– Ağır hallarda isə sinir sisteminə zərər verə və hətta həyati təhlükə yarada bilər.

Xüsusilə uşaqlar üçün kiçik miqdarda belə ciddi risk yarada bilər.

Bəzi xalqlarda şaftalı çəyirdəyinin az miqdarda dərman məqsədilə istifadə olunduğu məlumdur. Ancaq müasir tibb bu yanaşmanı təhlükəli hesab edir və həkim nəzarəti olmadan istifadəsini qətiyyən məsləhət görmür.