
Ət məhsulları insan orqanizmi üçün əsas zülal, dəmir və vitamin mənbələrindən biridir. Lakin düzgün seçilmədikdə və ya gigiyena qaydalarına əməl olunmadıqda bu qidalar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az bildirir ki, mütəxəssislər ət məhsullarının istifadəsində diqqət edilməli bir sıra məqamları vurğulayırlar.
İlk növbədə, ətin keyfiyyətinə diqqət yetirmək vacibdir. Təzə ətin rəngi açıq qırmızı, xoş qoxulu və elastik quruluşda olmalıdır. Solğun, yapışqan və ya kəskin qoxulu ət məhsullarından istifadə edilməməlidir, çünki bunlar tez xarab olan məhsulların əsas göstəricisidir.
Ət alarkən onun saxlanma şəraiti də mühümdür. Soyuducuda düzgün temperaturda saxlanmayan məhsullarda bakteriyaların çoxalması sürətlənir və bu, qida zəhərlənmələrinə yol aça bilər.
Qırmızı ətin çox qəbulu ürək-damar xəstəlikləri və xolesterin artımı ilə əlaqələndirilir. Buna görə mütəxəssislər həftəlik rasionda qırmızı ətin miqdarını məhdudlaşdırmağı, daha çox balıq və toyuq ətinə üstünlük verməyi məsləhət görürlər.
Emal olunmuş ət məhsulları – kolbasa, sosiska və hisə verilmiş məhsullar isə ayrıca risk daşıyır. Onların tərkibində çoxlu duz, yağ, konservant və qatqılar olur. Bu məhsullar tez-tez qəbul edildikdə xərçəng və digər xroniki xəstəliklərin yaranma riskini artıra bilər.
Ətin bişirilmə üsulu da sağlamlıq baxımından əhəmiyyətlidir. Yüksək temperaturda yandırılaraq bişirilən ət xərçəng yaradan birləşmələrin əmələ gəlməsinə səbəb ola bilər. Daha sağlam üsul isə buxarda, suda qaynatmaq və ya sobada bişirməkdir.
Ət məhsullarının yanında liflə zəngin tərəvəzlər və göyərtilərin istifadə edilməsi həzmi asanlaşdırır və orqanizmə əlavə fayda verir. Bundan əlavə, kifayət qədər su qəbul etmək də bağırsaq sağlamlığı üçün vacibdir.