Gecə tez-tez oyanmaq, xüsusilə də ətraf tam qaranlıq olduqda baş verirsə, bədənin təbii ritmlərinə ciddi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, somnoloq Syuzanna Rayli qaranlıqda oyanmağın əsas təhlükəsini açıqlayıb.

Onun sözlərinə görə, işıq insanın sirkad ritmlərinin başlıca tənzimləyicisidir və bu ritmlər gün ərzində necə özümüzü hiss etdiyimizi müəyyən edir. Mütəxəssis qeyd edib ki, insan günəş doğmamış oyananda beyin səhər işıq siqnalını almır və nəticədə orqanizmdə bir sıra proseslər gecikir.

Rayli bildirib ki, işıq olmadıqda kortizol səviyyəsi artmır, halbuki bu hormon bizi yatmış vəziyyətdən oyanıq hala gətirən əsas mexanizmlərdən biridir. Eyni zamanda, melatoninin azalması da gecikir və insan özünü uzun müddət yuxulu və halsız hiss edə bilər.

Ekspert xəbərdar edib ki, qaranlıqda tez-tez oyanan insanlar çox vaxt pis əhval, əsəbiləşmə və motivasiya düşkünlüyü yaşayırlar. Bundan əlavə, keyfiyyətsiz yuxu arterial təzyiqin dəyişməsinə, çəki artımına və ikinci tip şəkərli diabetin yaranma riskinin yüksəlməsinə təsir edə bilər.

Həkimlər ümumi olaraq stabil yuxu rejimi, səhər gün işığı ilə təmas və gecə oyanmalarının minimuma endirilməsi kimi vərdişlərin sağlam yuxu üçün vacib olduğunu vurğulayırlar.