Siqaret və digər tütün məmulatlarının istifadəsi ilə bağlı ən çox verilən suallardan biri nikotinin orqanizmdə nə qədər müddət qaldığıdır. Foodinfo.az xəbər verir ki, nikotinin bədəndə qalma müddəti istifadə tezliyindən, qəbul edilən miqdardan və fərdi sağlamlıq xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Nikotinin özü orqanizmdə uzun müddət qalmır. Onun yarımparçalanma müddəti təxminən 2 saatdır və qəbul edildikdən bir neçə saat sonra qandakı səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Lakin nikotin orqanizmdə parçalanaraq kotinin adlı maddəyə çevrilir və məhz bu maddə tibbi analizlərdə daha uzun müddət aşkarlanır.
Kotininin bədəndə qalma müddəti analiz növünə görə fərqlənir. Qanda bu maddə adətən 1–3 gün, sidikdə isə 3–4 gün, bəzi hallarda isə ağır siqaret çəkənlərdə 7 günə qədər aşkarlana bilir. Tüpürcək analizlərində kotinin 1–4 gün, saç analizlərində isə bir neçə ay ərzində müəyyən edilə bilər.
Nikotinin bədəndən çıxma sürəti maddələr mübadiləsinin sürəti, yaş, qaraciyər və böyrəklərin fəaliyyəti, gündəlik su qəbulu və fiziki aktivlik kimi amillərdən də asılıdır.
O, qısa müddətdə bədəndən təmizlənsə də, siqaretin ürək-damar sistemi, ağciyərlər və sinir sistemi üzərində mənfi təsirləri daha uzun müddət davam edə bilər.
Bu səbəbdən həkimlər siqaretdən tam imtinanın sağlamlıq üçün ən düzgün seçim olduğunu tövsiyə edirlər.






