Son illərdə tibb və neyroelm sahəsində aparılan araşdırmalar bağırsağın sadəcə həzm orqanı olmadığını bir daha sübut edib. Mütəxəssislər bağırsağı “bədənin ikinci beyni” adlandırır və bunun bir neçə ciddi elmi əsası olduğunu bildirirlər.

Foodinfo.az xəbər verir ki, bağırsaqlarda enterik sinir sistemi adlanan ayrıca sinir şəbəkəsi mövcuddur və burada milyonlarla sinir hüceyrəsi fəaliyyət göstərir. Bu sistem həzm prosesini müstəqil şəkildə tənzimləyə bilir və daim beyinlə əlaqədə olur.

Beyinlə bağırsaq arasında əsas əlaqə vagus siniri vasitəsilə qurulur. Məlumata görə, bu əlaqə iki istiqamətli işləyir: beyin bağırsağa, bağırsaq isə beyinə siqnallar göndərir.

Xüsusilə diqqətçəkən məqam isə “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin təxminən 90 faizinin bağırsaqlarda istehsal olunmasıdır. Bu səbəbdən bağırsaq sağlamlığının pozulması insanın əhvalına, yuxusuna və emosional vəziyyətinə mənfi təsir göstərə bilər.

Həmçinin bağırsaqda yaşayan faydalı bakteriyalar — mikrobiota — beyinə təsir edən maddələr ifraz edir. Bu da bağırsaq sağlamlığı ilə psixoloji vəziyyət arasında birbaşa əlaqə olduğunu göstərir.

Sağlam bağırsaq təkcə yaxşı həzm deyil, həm də daha stabil əhval, güclü immunitet və ümumi rifah deməkdir. Buna görə də bağırsaq artıq təkcə həzm orqanı kimi deyil, bədənin “ikinci beyni” kimi qəbul edilir.