Tam yetişməmiş, yəni yaşıl bananın tərkibindəki nişasta düşündüyümüzdən daha faydalıdır. Bu maddə elmdə “rezistent nişasta” adlanır və orqanizmə bir sıra müsbət təsirlər göstərir.

Foodinfo.az xəbər verir ki, rezistent nişasta bağırsaqlarda faydalı bakteriyalar üçün qida rolunu oynayır. Bu isə həzmi yaxşılaşdırır, şişkinliyi azaldır və qəbizliyin qarşısını almağa kömək edir. Sağlam bağırsaq mühiti isə ümumi immunitet üçün də vacib hesab olunur.

Yaşıl banandakı nişasta qan şəkərini sürətlə yüksəltmir. Bu xüsusiyyət şəkərə meyilli insanlar üçün üstünlük sayılır və diabet riskinin azalmasına töhfə verir.

Rezistent nişasta insanı daha uzun müddət tox saxlayır. Bu səbəbdən həddindən artıq yemək istəyi azalır və bu xüsusiyyət arıqlamağa çalışanlar üçün faydalı olur.

Bundan əlavə, bu nişasta bağırsaq divarının sağlam qalmasına kömək edir və iltihabi proseslərin azalmasına dəstək verir.

Dietoloqlar yaşıl bananı çiy halda yemək əvəzinə qaynadılmış və ya buxarda bişmiş formada qəbul etməyi tövsiyə edirlər ki, həzmi daha rahat olsun.