Soyuq dondurma və içkiləri sevənlər çox vaxt dişlərdə yaranan kəskin ağrılarla üzləşirlər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, bu barədə cərrah–implantoloq Zurab Berdzenadze məlumat verib.
Həkimin sözlərinə görə, təkrarlanan və ya səbəbsiz yerə yaranan diş ağrıları çox vaxt pulpa iltihabına — sinir ucları olan yumşaq toxumanın zədələnməsinə və ya dərin kariyesə işarə edir.
O qeyd edib ki, bəzən soyuq, isti və ya turş qidaya qarşı yaranan qısa, amma iti ağrı diş minasının nazilməsi ilə bağlı olur. Bu hal çox sərt diş fırçasından və ya kobud tərkibli diş məcunlarından istifadə zamanı yaranır.
Bundan başqa, diş minasında xırda çatlar və qopmalar da bu ağrıların səbəbi ola bilər. Belə zədələnmələr çox vaxt dişlə sıxma, yuxuda diş qıcırtısı və ya sərt qidaları çeynəmə zamanı yaranır.
Mütəxəssis əlavə edib ki, dişlərin soyuğa qarşı həssaslaşmasının başqa bir səbəbi də diş ətinin çəkilməsi, yəni diş boynunun açılmasıdır. Bu zaman dişin emalla örtülməyən hissəsi temperatur fərqlərinə daha kəskin reaksiya verir.
Diş həkimləri diş minasını qorumaq, çox soyuq və ya isti qidaları eyni anda qəbul etməmək və düzgün diş təmizləmə vərdişlərinə əməl etməyi tövsiyə edirlər.






