Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, həyat yoldaşı və ya yaxın insanla birlikdə yaşanan müsbət hisslər stress hormonunun — kortizolun səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Foodinfo.az Championat.com-a istinadla xəbər verir ki, bu nəticələr Journal of Personality and Social Psychology jurnalında dərc olunub.

Tədqiqatda Kanada və Almaniyadan olan 321 yaşlı cütlük iştirak edib. Nəticədə məlum olub ki, tərəfdaşlar eyni vaxtda özlərini xoşbəxt, sakit və ya maraqlı hiss etdikdə, onların orqanizmində kortizolun səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır. Bu sakitləşdirici təsir, tədqiqatçılara görə, insanın təkbaşına yaşadığı sevinc hissindən daha güclü və uzunmüddətli olur.

Tədqiqatın rəhbəri Tomiko Yeneda qeyd edib ki, birgə sevinci bölüşmək sağlamlığa qayğının ən təbii və sadə formalarından biridir. Onun sözlərinə görə, bu emosional paylaşım həm psixoloji rahatlıq yaradır, həm də orqanizmdə stresə qarşı bioloji müqaviməti gücləndirir.

Ən maraqlı nəticələrdən biri isə ondan ibarətdir ki, bu təsir cütlüklərin münasibətlərinin keyfiyyətindən asılı olmayıb. Hətta aralarında fikir ayrılığı və gərginlik olan tərəfdaşlarda da eyni cür stressin azalması müşahidə edilib.

Alimlər hesab edirlər ki, ortaq müsbət hisslər orqanizmdə hormon balansını bərpa edir, immun sistemini gücləndirir və ürək-damar sağlamlığına da müsbət təsir göstərir. Onlar vurğulayırlar ki, bu üsul heç bir dərmana və ya xüsusi terapiyaya ehtiyac olmadan stresslə mübarizədə ən əlçatan və təbii vasitədir.

Beləliklə, birgə gülüş, qarşılıqlı dəstək və sevinc anlarını paylaşmaq insanın həm psixoloji, həm də fiziki sağlamlığını qorumaq üçün sadə, lakin təsirli üsuldur.