Feyxoa tərkibindəki yüksək yod miqdarı ilə orqanizm üçün olduqca faydalı hesab olunur. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, bu nadir meyvədəki yod miqdarı dəniz məhsullarındakı qədər çoxdur.
Mütəxəssislər bildirirlər ki, təzə feyxoadan noyabr ayından yanvar ayına qədər istifadə etmək mümkündür. Meyvə uzun müddət saxlanmır, lakin ondan mürəbbə, cem və ya meyvə salatı hazırlamaq olar. Feyxoanın dadı olduqca özünəməxsusdur — kimisi onun dadını ananas, çiyələk və limonun qarışığına, kimisi isə ananas, alma və nanənin qarışığına bənzədir.
Qida mütəxəssisi, tibb elmləri namizədi Yuliya Çexoninanın sözlərinə görə, cəmi 100 qram feyxoa orqanizmin sutkalıq yod tələbatının yarısından çoxunu ödəyir. Bəzi hallarda bu göstərici 100–200 faizədək yüksələ bilər. Bu baxımdan feyxoa dəniz məhsullarına bənzəyir və xüsusilə yod çatışmazlığı olan insanlar üçün əvəzsizdir.
Araşdırmalara əsasən, əhalinin təxminən 70 faizində yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən feyxoa orqanizmin ehtiyacını təbii yolla qarşılamağa kömək edir.
Mütəxəssislər həmçinin bildirirlər ki, feyxoa soyuqdəymə və infeksiyalardan qorunmada da təsirli ola bilər. Onun tərkibindəki fitonsidlər və efir yağları bakteriyalara qarşı təsir göstərir. Hər 100 qram feyxoada təxminən 40 faiz C vitamini var ki, bu da limonla müqayisə oluna biləcək qədər yüksək göstəricidir. Bundan başqa, meyvədəki lif bağırsaq mikroflorasını dəstəkləyərək immun sisteminin möhkəmlənməsinə kömək edir.
Diyetoloqlar gündə iki-üç ədəd feyxoa yeməyi məsləhət görürlər. Meyvənin həm iç hissəsi, həm də qabığı yeyilə bilər. Əgər qabığın dadı bir qədər turş və büzücüdürsə, onu qurudub çaya əlavə etmək olar — bu, içkinin ətrini artırır.
Feyxoanı meyvə salatlarına, yoqurta və ya yulaf sıyığına əlavə etmək də faydalıdır.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, qalxanabənzər vəz xəstəlikləri zamanı artıq yod qəbulunun məsləhət görülmədiyi hallarda feyxoadan uzaq durmaq lazımdır. Həmçinin allergiyası olan şəxslər də bu meyvəni ehtiyatla istehlak etməlidirlər.
Ümumilikdə isə, sağlam insanlar üçün feyxoa həm dadlı, həm də orqanizm üçün olduqca faydalı meyvə sayılır.






