Kalsium orqanizmin sümüklərinin, dişlərinin və əzələlərinin sağlamlığı üçün vacib minerallardan biridir, lakin insan bədəni onu hər zaman tam mənimsəyə bilmir. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, bu barədə “Akademik Roytberq Klinikasının” həkim-endokrinoloqu, tibb elmləri namizədi Nataliya Tananakina məlumat verib.
Həkimin sözlərinə görə, orqanizmin kalsiumu səmərəli mənimsəməsi üçün təkcə bu elementi qəbul etmək kifayət deyil. Bədəndə onun mənimsənilməsi D vitamini, zülallar, maqnezium və digər qidalandırıcı maddələrdən də asılıdır.
Tanankina qeyd edib ki, gündəlik rasion müxtəlif olmalıdır — menyuya balıq, qoz-fındıq, yaşıl tərəvəzlər və zülaklə zəngin qidalar daxil edilməlidir. Bu məhsullar orqanizmdə kalsiumun balanslı şəkildə mənimsənilməsinə kömək edir.
Mütəxəssis əlavə edib ki, sağlam həyat tərzi də bu prosesdə mühüm rol oynayır. Yetərli yuxu, orta səviyyəli fiziki hərəkətlilik və zərərli vərdişlərdən uzaq qalmaq kalsiumun orqanizmdə qalma müddətini artırır.
Tanankina xəbərdarlıq edib ki, qəhvə, spirtli içkilər və duzun həddindən artıq qəbulu mineralların mənimsənilməsini zəiflədir və onların bədəndən sürətlə xaric olmasına səbəb olur.






