Bəzi qidalar yuxudan əvvəl qəbul olunduqda yaddaşı və diqqəti gücləndirə bilir. Foodinfo.az xəbər verir ki, RBC-Ukrayna “Eating Well” portalına istinadla beyin sağlamlığı üçün ən uyğun gecə qəlyanaltısını açıqlayıb.
Mütəxəssislərin fikrincə, ən balanslı və faydalı gecə qəlyanaltısı bişmiş yumurta və badamdır. Bu sadə, amma təsirli ikili bədəni zülal, sağlam yağlar və liflə təmin edir, həm də yuxu keyfiyyətinə müsbət təsir göstərir.
Tədqiqatlara görə, bu birləşmə orqanizmdə maqnezium, E vitamini və xolin kimi beyin üçün vacib maddələr yaradır. Bu maddələr neyronların fəaliyyətini dəstəkləyir, yaddaşın formalaşmasını və sakit, bərpaedici yuxunu təmin edir.
Science Direct mənbəsinə əsasən, şəkərli qəlyanaltılar yuxudan əvvəl qan şəkərini kəskin artırıb-endirdiyi üçün yuxu dövranını poza bilər. Halbuki yumurta və badam qan şəkərini sabit saxlayır, beləliklə, beyin gecə boyu dincəlir və enerji balansını qoruyur.
Yumurta eyni zamanda xolin adlı vacib qida maddəsinin əsas mənbəyidir. Xolin beyində asetilxolin adlı neyromediatorun istehsalına yardım edir ki, bu da öyrənmə, diqqət və yaddaş prosesləri üçün həyati əhəmiyyət daşıyır.
Badam isə E vitamini ilə zəngindir — bu antioksidant beyin hüceyrələrini oksidləşmə stressindən qoruyur və erkən qocalma proseslərinin qarşısını alır.
Mütəxəssislər bildirirlər ki, yumurta və badamda olan sağlam yağlar həm də beyin hüceyrələrinin strukturu və elastikliyini qoruyur, neyronlar arasında siqnalların daha sürətli ötürülməsini təmin edir.
Qida mütəxəssisləri əlavə edirlər ki, beyin sağlamlığını qorumaq üçün yalnız düzgün qidalanmaq yox, həm də fiziki aktivlik, yaxşı yuxu və zehni məşğələlər (oxumaq, tapmacalar, yeni bacarıqlar öyrənmək) də böyük rol oynayır.
Beləliklə, sadə bir bişmiş yumurta və bir ovuc badam — həm yüngül, həm də beyin üçün gücləndirici gecə qəlyanaltısıdır.






