Qoz bir çox sağlamlıq faydaları ilə tanınsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu qida güclü allergenlərdən biri sayılır. 

Foodinfo.az xəbər verir ki, aparılan tədqiqatlara görə, qozun tərkibindəki bəzi zülallar orqanizmdə immun reaksiyasına səbəb olaraq qida allergiyasını yarada bilər.

Qozdakı “vicilin” və “legumin” adlı zülallar bəzən bədən tərəfindən təhlükə kimi qəbul edilir. Nəticədə immun sistem histamin ifrazını artırır və bu da müxtəlif allergik əlamətlərə yol açır.

Bu hal özünü yüngül formada da, ciddi hallarda da özünü göstərə bilər. Əlamətlərə bunlar daxildir:

– Dodaq, dil və boğazda qaşınma və şişkinlik

– Dəri səpgiləri və qızartı

– Qarın ağrısı, ürəkbulanma və qusma

– Burun axması və asqırma

– Ağır hallarda anafilaktik şok – nəfəs darlığı və təzyiqin enməsi

Allergiyaya daha çox uşaqlar və genetik meyilli şəxslər məruz qalır. Əgər ailədə qoz, fındıq və digər qoz-fındıq məhsullarına qarşı allergiya mövcuddursa, risk daha yüksəkdir.

Həkimlər allergiyaya meyilli insanlara qoz və qoz tərkibli məhsullardan uzaq durmağı tövsiyə edirlər. Məhsul etiketlərini diqqətlə oxumaq və qoz yedikdən sonra qaşınma, səpgilər və ya nəfəs darlığı kimi əlamətlər yaranarsa, dərhal tibbi yardım almaq vacibdir.

Qoz beyin və ürək üçün çox faydalı olsa da, allergiyası olan şəxslər üçün təhlükəli ola bilər. Buna görə, xüsusilə uşaqlarda və həssas şəxslərdə qoz istehlakı diqqətdə saxlanılmalıdır.