Şəkərli diabet diaqnozu qoyulması şirin dadlardan tamamilə imtina etmək demək deyil. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, əsas məsələ miqdara nəzarət etmək və qlisemik indeksi aşağı olan məhsullara üstünlük verməkdir. Bu yanaşma qanda şəkərin qəfil yüksəlməsinin qarşısını almağa kömək edir.
Mütəxəssislərin sözlərinə görə, şirniyyat diabet zamanı yalnız nəzarətsiz və həddindən artıq qəbul edildikdə təhlükəli olur. Düzgün seçilmiş və ölçülü miqdarda istifadə edilən şirin məhsullar isə rasionda yer ala bilər.
1-ci tip şəkərli diabet zamanı az miqdarda bal, şəkər, sadə peçenye, quru meyvələr, mürəbbə və dondurma qəbuluna icazə verilir. Meyvələr də mümkündür, lakin banan və yemiş kimi çox şirin meyvələr məhdudlaşdırılmalıdır.
2-ci tip şəkərli diabet olan şəxslərə sadə karbohidratların azaldılması tövsiyə olunur. Bu halda giləmeyvələr, armud, sitrus meyvələri, ərik və albalı daha uyğun hesab edilir. Fruktoza və ya şəkər əvəzediciləri ilə hazırlanan şirniyyatlara üstünlük vermək məsləhətdir, şirin meyvə şirələri isə minimum səviyyədə olmalıdır.
Hamiləlik diabeti zamanı fruktoza əsaslı məhsullar daha təhlükəsiz seçim sayılır. Fruktozanın qlisemik indeksi aşağı olduğuna görə o, tez-tez “diabetik” desertlərin tərkibində istifadə olunur.
Şəkərsiz zefir, pastila, marmelad, meyvə konfetləri və şəkər əlavə olunmayan şirələr nisbətən təhlükəsiz şirniyyat variantları hesab olunur. Lakin bu məhsullar belə ölçülü şəkildə qəbul edilməlidir.
Maraqlıdır ki, şirniyyat bəzən diabet xəstələri üçün zəruri də ola bilər. Qanda şəkərin kəskin düşməsi – hipoqlikemiya zamanı az miqdarda şirin məhsul vəziyyəti tez normallaşdırmağa kömək edir. Buna görə də mütəxəssislər diabetli şəxslərə az miqdarda şirniyyatı ehtiyatda saxlamağı tövsiyə edirlər.
Ümumi qayda isə dəyişmir: fruktoza və diabetik şirniyyatlar belə həddindən artıq istifadə edildikdə qlükoza səviyyəsini yüksəldə bilər. Sağlam qidalanmanın açarı məhz ölçü və balansdır.






