Sağlam qidalanma ilə bağlı cəmiyyətdə geniş yayılmış bir sıra yanlış fikirlər mövcuddur. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, bu barədə “GEN Farma Rus” şirkətinin inkişaf üzrə direktoru Svetlana Beşçastnova Gazeta.ru-ya açıqlamasında danışıb.

Mütəxəssis bildirib ki, qısamüddətli aclıq xroniki qastritdən əziyyət çəkən şəxslər üçün qətiyyən uyğun deyil. Onun sözlərinə görə, belə hallarda aclıq mədə selikli qişasını daha da qıcıqlandıra və xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Beşçastnova vurğulayıb ki, aclıq əvəzinə gündə 5–6 dəfə az miqdarda qida qəbul edilən bölünmüş qidalanma daha məqsədəuyğundur. Bu cür qidalanma mədəyə düşən yükü azaldır və həzm sisteminin fəaliyyətini stabilləşdirir.

O qeyd edib ki, qastritin kəskin dövründə qida rasionunda mexaniki və kimyəvi baxımdan yüngül yeməklər üstünlük təşkil etməlidir. Xüsusilə şorbalar və sıyıqlar bu dövrdə daha uyğun hesab olunur.

Mütəxəssis eyni zamanda “superqidalar” adlandırılan məhsullarla bağlı da yayılmış mifləri təkzib edib. Onun sözlərinə görə, kətan toxumu, çia toxumu, qodci giləmeyvəsi və spirulina kimi məhsulların əksəriyyətinin ənənəvi qida mənbələrindən üstünlüyü tibbi baxımdan sübut olunmayıb. Beşçastnova bildirib ki, bu məhsullar çox vaxt əsassız şəkildə möcüzə təsiri olan qidalar kimi təqdim edilir. Halbuki onların təsiri adətən məhduddur və klassik, balanslı qidalanmanı əvəz edə bilməz.

Bununla belə, mütəxəssis bəzi “superqida” sayılan məhsulların müəyyən hallarda faydalı ola biləcəyini də istisna etməyib. O qeyd edib ki, zəncəfil funksional həzm pozuntularında, sarıkök isə yüngül iltihabi hallarda köməkçi təsir göstərə bilər. Lakin Beşçastnova vurğulayıb ki, bu məhsullar əsas müalicəni əvəz etmir və yalnız əlavə vasitə kimi istifadə oluna bilər.

Ekspert nəzarətsiz və həddindən artıq istifadə ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, xlorrella və ya bağırsaq liflərinin böyük miqdarda qəbulu köp, ishal və allergik reaksiyalara səbəb ola bilər. Mütəxəssisin fikrincə, sağlamlıq üçün ən doğru yol dəbdə olan bahalı məhsullara üstünlük vermək deyil, müxtəlif və balanslı qida rasionuna əməl etməkdir. O əlavə edib ki, düzgün seçilmiş gündəlik qidalar orqanizmin bütün ehtiyaclarını ödəmək üçün kifayətdir.