Vəgetarian qidalanma tərzi bəzən orqanizmdə vacib yağ turşularının azalmasına səbəb olur. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu hal xüsusilə hamiləlik dövründə təhlükəli sayılır, çünki ana orqanizmində omeqa-3 yağ turşularının çatışmazlığı uşağın zehni qabiliyyətlərinin formalaşmasına mənfi təsir göstərə bilər.
Həkim-diyetoloq Yuliya Moskviçeva bildirib ki, omeqa-3 yağ turşuları əsasən dəniz balıqlarında və dəniz məhsullarında olur. Onun sözlərinə görə, vəgetarianlar bu maddəni qoz-fındıq, toxum və bitki yağlarından alsalar da, bu mənbələr bəzən kifayət etmir.
Mütəxəssis qeyd edib ki, polidoymamış yağ turşuları — xüsusilə omeqa-3 və omeqa-6 — dölün beyin və sinir sisteminin sağlam inkişafı üçün vacibdir. Bu maddələrin çatışmazlığı körpənin gələcəkdə diqqət toplama, yaddaş və öyrənmə bacarıqlarında gerilik yarada bilər.
Yuliya Moskviçeva bildirib ki, omeqa-3 çatışmazlığı olan analarda doğulan uşaqlarda psixomotor inkişaf gecikə bilər. Onun fikrincə, bu riskləri azaltmaq üçün hamilə qadınların qidalanması balanslı olmalı və həkim məsləhəti ilə əlavə qida əlavələri qəbul edilməlidir.
Diyetoloq əlavə edib ki, bu xəbərdarlıq qadınları qorxutmaq üçün deyil, sadəcə məsuliyyətli yanaşmağa təşviq etmək üçündür. “Əksər vəgetarian qadınlar sağlamlıqlarına diqqət yetirir və həkim göstərişlərinə əməl edirlər. Xüsusi vitamin-mineral kompleksləri və hamilələr üçün nəzərdə tutulan omeqa əlavələri bütün çatışmazlıqları aradan qaldıra bilər,” — deyə Moskviçeva vurğulayıb.






