Gül kələmi sadəcə dadlı tərəvəz deyil, həm də orqanizmi gücləndirən dəyərli qida mənbəyidir. Foodinfo.az xəbər verir ki, dietoloq Siyuzanna Fiçer bu tərəvəzinin gündəlik qidalanmada xüsusi yer tutmasının səbəblərini açıqlayaraq onun beş əsas faydasını önə çəkib. Mütəxəssis bildirib ki, bir çox insanın rastlaşdığı ən ciddi problemlərdən biri lif çatışmazlığıdır və gül kələmi bu ehtiyacı effektiv şəkildə ödəyen qidalardan biridir. Lif bağırsaqların daha yaxşı işləməsinə, uzunmüddətli toxluq hissinə və həzm sisteminin nizamlanmasına kömək edir.

Fiçer qeyd edib ki, gül kələmi eyni zamanda güclü antioksidant mənbəyidir və hüceyrələri zədələnmədən qoruyan maddələrlə zəngindir. O bildirib ki, antioksidantların ən yüksək miqdarı tərəvəzin yarpaqlarında olur və bu da gələcəkdə yeni funksional qida məhsullarının hazırlanması üçün böyük imkan yaradır. Mütəxəssis əlavə edib ki, gül kələmi tərkibindəki xolinin miqdarına görə tərəvəzlər arasında lider sayılır. Xolin maddələr mübadiləsini sürətləndirir, yaddaşı gücləndirir, əhvalı sabitləşdirir və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Dietoloqun sözlərinə görə, bu tərəvəz həmçinin kalsium, maqnezium, fosfor və kalium kimi vacib minerallarla zəngindir. O bildirib ki, kalsium sümükləri möhkəmləndirir, maqnezium təzyiqin tənzimlənməsində rol oynayır, fosfor hüceyrələrin genetik materialı üçün vacibdir, kalium isə hüceyrədaxili fəaliyyətin davamlılığını təmin edir. Fiçer vurğulayıb ki, gül kələmindəki kalium miqdarı bananla demək olar ki, eyni səviyyədədir və bu da onu əvəzolunmaz qida mənbəyinə çevirir.

Mütəxəssis əlavə edib ki, gül kələminin ən mühüm üstünlüklərindən biri də onun tərkibindəki sulforafan adlı maddənin güclü iltihabəleyhinə və qoruyucu xüsusiyyətləridir. Sulforafan hüceyrələri zərərli təsirlərdən qoruyur və bədxassəli hüceyrələrin inkişafını əngəlləməyə kömək edir.

Fiçer xəbərdarlıq edərək bildirib ki, qan durulaşdırıcı dərman qəbul edənlər, yod çatışmazlığı olan şəxslər və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkənlər gül kələmini ehtiyatla istehlak etməli və əvvəlcədən həkimlə məsləhətləşməlidirlər.

Dietoloqun fikrincə, bu tərəvəzin gündəlik rasiona əlavə olunması həm immun sistemini möhkəmləndirir, həm də bədənin ümumi fəaliyyətini dəstəkləyir.