Beynin sağlam və aktiv işləməsi birbaşa gündəlik qidalanma ilə bağlıdır və düzgün seçilmiş məhsullar yaddaşın, diqqətin və düşünmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, beyin hüceyrələrinin normal fəaliyyəti üçün onları qidalandıran maddələrin kifayət qədər olması vacibdir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, həkim-nevroloq Vladimir Martınov beyinin mikroqan dövranını yaxşılaşdıran və neyronların qidalanmasını gücləndirən əsas məhsulları sadalayıb.

Həkimin sözlərinə görə, yağlı balıqlar, yumurta, müxtəlif giləmeyvələr və tünd şokolad beyin üçün olduqca faydalıdır. Bu məhsullar qan dövranını yaxşılaşdırır və beyin hüceyrələrinin daha effektiv işləməsinə kömək edir. Xüsusilə omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar sinir sisteminin fəaliyyətini dəstəkləyir.

Nevroloq qeyd edib ki, qoz-fındıq da beyin sağlamlığı üçün əvəzolunmaz qidalardandır. Onların tərkibində omeqa-3 yağ turşuları, maqnezium və antioksidantlar mövcuddur. Bu maddələr sinir hüceyrələrini qoruyur və beyin funksiyalarının zəifləməsinin qarşısını alır.

Martınov xüsusilə qozun faydasını vurğulayıb. Onun sözlərinə görə, qoz beyin fəaliyyətini dəstəkləyən maddələrlə zəngin olduğu üçün gündəlik rasionda mütləq yer almalıdır.

Mütəxəssislər bildirirlər ki, bu məhsulların müntəzəm və ölçülü şəkildə qəbulu həm zehni fəaliyyəti artırır, həm də uzunmüddətli beyin sağlamlığının qorunmasına kömək edir.