Soyuq havaların başlaması ilə balqabaq şorbasına marağın artması təsadüfi deyil. Foodinfo.az Lenta.ru-ya istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssislər balqabağın həm doyumluluğu, həm də faydalı maddələrlə zənginliyi səbəbindən qış mövsümündə ən uyğun tərəvəzlərdən biri olduğunu bildirirlər.

Britaniyalı dietoloq Emili Vordun sözlərinə görə, balqabaq A vitamini, lif və minerallarla zəngin olduğu üçün həm immuniteti gücləndirir, həm də soyuq günlərdə bədəni enerji ilə təmin edir. Onun fikrincə, balqabaq şorbası tərkibindəki təbii lif sayəsində uzun müddət toxluq hissi yaradır və artıq yeməyin qarşısını alır.

Mütəxəssis əlavə edib ki, bu tərəvəz orqanizmdə iltihabı azaldan antioksidantlarla zəngindir, buna görə də payız-qış dövründə tez-tez rast gəlinən tənəffüs yolu problemlərinə qarşı əlavə qoruyucu rol oynaya bilər. Balqabağın tərkibindəki beta-karotin isə görmə qabiliyyətini dəstəkləyir və dərinin qış soyuğuna qarşı daha dayanıqlı olmasına kömək edir.

Emili Vord bildirib ki, şorbanın ilıq şəkildə qəbulu qan dövranını aktivləşdirir və soyuq havalarda bədənin tez isinməsinə yardım edir. Onun sözlərinə görə, balqabağın tərkibi həm də ürək-damar sistemi üçün faydalı olan kaliumla zəngindir, bu isə qan təzyiqinin tarazlanmasına müsbət təsir göstərir.

Mütəxəssis vurğulayıb ki, balqabaq şorbası həm vegeterianlar, həm də ətli yeməklərdən uzaq durmaq istəyənlər üçün ideal seçimdir. Tərkibində yağ az olduğu üçün pəhriz saxlayanlara da uyğun sayılır. O qeyd edib ki, bu tərəvəzi başqa tərəvəzlərlə birləşdirərək daha zəngin və balanslı qış yeməyi hazırlamaq mümkündür.

Qidalanma üzrə ekspertlər ümumi qənaət olaraq bildirirlər ki, balqabaq şorbasının qış aylarında geniş yayılması həm dadlı olması, həm də bədəni isti saxlayan faydalı maddələrlə zənginliyi ilə bağlıdır. Buna görə də mütəxəssislər qış mövsümündə həftədə ən azı bir dəfə balqabaq yeməklərinə üstünlük verilməsini tövsiyə edirlər.