Tünd şokoladın tərkibində olan xüsusi maddə orqanizmdə yaşlanma prosesini yavaşıda bilər. Foodinfo.az bildirir ki, London Kral Kollecinin alimləri apardıqları araşdırmada bu təsirin əsas səbəbinin “teobromin” adlı birləşmə olduğunu müəyyən ediblər. Mütəxəssislərin sözlərinə görə, teobromin şokolada acı dad verən maddədir və yalnız yüksək kakao tərkibli şokoladda təbii şəkildə yüksək olur.

Tədqiqatda 1669 nəfərin məlumatları təhlil olunub və iştirakçıların orta yaşı 60 olub. Alimlər bioloji yaşlanmanı müəyyən etmək üçün DNT-də baş verən kimyəvi dəyişiklikləri və xromosomların ucunda yerləşən telomerlərin uzunluğunu ölçüblər. Nəticələr göstərib ki, qanında teobromin səviyyəsi yüksək olan şəxslərin bioloji yaşı real yaşından daha aşağı olur.

Tədqiqatçılar bunun “hər kəs daha çox tünd şokolad yesin” demək olmadığını bildirirlər. Çünki bu məhsulun tərkibində şəkər və yağ da yüksəkdir. Buna baxmayaraq, doğru seçim etmək istəyənlərə 70% və ya daha çox kakao tərkibli tünd şokolad tövsiyə olunur.

Uzmanlar qeyd edir ki, südlü şokoladda teobromin daha az olur, ağ şokoladda isə ümumiyyətlə yoxdur. Buna görə də anti-aging təsir əsasən yalnız tünd şokoladda müşahidə edilir.