40 yaşdan yuxarı insanlarda həzmin yaxşılaşdırılması üçün tərəvəzlərin gündəlik qidalanmada əsas yer tutması vacibdir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə qastroenteroloq, hepatoloq, tibb elmləri namizədi Sergey Vyalyov Aif.ru saytına müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, həzmlə bağlı problemlər çox vaxt orqanizmin yaşlanması ilə deyil, müxtəlif xəstəliklərin inkişafı ilə əlaqədardır. Buna görə də 40 yaşdan sonra əsas diqqət xəstəliklərin profilaktikasına və sağlam həyat tərzinə yönəldilməlidir.
Vyalyov bildirib ki, düzgün qidalanma orqanizmin fəaliyyətini gücləndirir və həzm sistemini qoruyur. Onun fikrincə, tərəvəzlər və meyvələr, eləcə də kifayət qədər su qəbulu bağırsaq fəaliyyətini normallaşdırır və maddələr mübadiləsini sürətləndirir.
“Daha çox tərəvəz və meyvə yeyin, çoxlu su için. Siqaret çəkməyin, spirtli içkilərdən uzaq durun. Fiziki fəallığınızı qoruyun və artıq çəkiyə yol verməyin,” — deyə həkim vurğulayıb.
Ekspert əlavə edib ki, bu sadə qaydalara əməl etməklə insan həm həzm sisteminin fəaliyyətini normallaşdıra, həm də ümumi sağlamlığını uzun müddət qoruya bilər.






