Havay adalarında yaranan bu yeməyin qısa zamanda bütün dünyada sevilməsi təsadüfi deyil. Tez hazırlanan, faydalı və gözoxşayan nahar və ya şam yeməyi axtaranlar üçün poke-boul əla seçim sayılır.
Foodinfo.az kiz saytına istinadla xəbər verir ki, poke-boulun populyarlığının əsas səbəbi onun tərkibində isti düyü, təzə dəniz məhsulları, ləzzətli sous və müxtəlif göyərti ilə tərəvəzlərin ahəngdar şəkildə bir araya gəlməsidir.
Bu yemək həm doyurucu, həm də orqanizm üçün zəruri olan zülal, yağ və karbohidratları düzgün nisbətdə təqdim edir.
Poke-boul hazırlamaq üçün əsas olaraq suşi düyüsü, kinoa və ya tam taxıllı bulqurdan istifadə etmək olar. Ənənəvi reseptlərdə dənli bitkilərin isti olması tövsiyə edilir, lakin daha yüngül variant üçün salat yarpaqları da uyğun seçimdir.
Əsas hissəyə nazik doğranmış çiy və ya azca marinad edilmiş balıq – somon və ya tun balığı, eləcə də krevet və dəniz darağı kimi dəniz məhsulları əlavə olunur. Bəzən bu yeməyə toyuq əti və ya bitki mənşəli məhsullar da qatılır ki, bu da hər kəsin zövqünə uyğun seçim etməsinə imkan yaradır.
Tərəvəz və meyvə seçimi olduqca genişdir. Yerkökü, xiyar, turp, avokado, manqo və sitrus meyvələri poke-boula həm rəng, həm də əlavə fayda qatır. Bundan başqa, müxtəlif toxumlar, cücərtilər və ədviyyatlar yeməyin dadını daha da zənginləşdirir.
Son mərhələdə yemək küncüt yağı, düyü sirkəsi və az miqdarda şirinləşdirici ilə hazırlanan sousla tamamlanır.
“Poke-boul” anlayışı da yeməyin özü kimi sərbəstdir: “poke” Havay dilində “xırda doğramaq”, “boul” isə “qab” mənasını verir. Bu isə hər gün fərqli tərkibdə sağlam və ləzzətli yemək hazırlamağa imkan yaradır.
Mütəxəssislər qeyd edirlər ki, poke-boul qonaqlıqlar üçün də ideal seçimdir. Bütün ərzaqları ayrıca süfrəyə düzmək və hər kəsin öz zövqünə uyğun yemək yığmasına şərait yaratmaq həm rahat, həm də maraqlı təqdimat üsuludur.






