Bir çox insan yeməkdən dərhal sonra çay içməyi adi vərdiş hesab edir. Lakin mütəxəssislər bu vərdişin bəzi hallarda orqanizmə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Foodinfo.az “EatingWell” saytına istinadla xəbər verir ki, çayın tərkibindəki tanin maddəsi dəmirin mənimsənilməsini azalda bilər. Bu səbəbdən xüsusilə dəmir çatışmazlığından əziyyət çəkən şəxslərə yeməkdən dərhal sonra çay içmək tövsiyə edilmir.

Kanadalı dietoloq Abbey Sharp bildirib ki, çayı yeməkdən ən azı 30-40 dəqiqə sonra qəbul etmək daha faydalıdır. Onun sözlərinə görə, bu zaman qida maddələrinin mənimsənilməsi daha effektiv baş verir.

Araşdırmalara əsasən, xüsusilə qırmızı ət, paxlalılar və yaşıl yarpaqlı tərəvəzlərlə birlikdə çay içilməsi dəmirin orqanizm tərəfindən sorulmasına mane ola bilər.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, düzgün vaxtda qəbul edilən çay antioksidant təsiri ilə sağlamlıq üçün faydalı içkilərdən biri hesab olunur.